BAKI, 17 dekabr. TELEQRAF

Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin saxlanılması üçün verilmiş tövsiyələri yerinə yetirmir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin dərc etdiyi Aİ Şurasının sənədində deyilir.

“Şura təəssüflə bildirir ki, Gürcüstan vizasız rejimin qorunması mexanizmi üzrə yeddinci hesabatda göstərilən tövsiyələri yerinə yetirməyib, Gürcüstan hakimiyyətini bu tövsiyələri icra etməyə və vizaların liberallaşdırılması meyarlarına dərhal əməl etməyə çağırır”, - sənəddə qeyd olunur.

Aİ öz bəyanatında Gürcüstan hakimiyyətini Avropa İttifaqı haqqında dezinformasiya yaymaqda ittiham edir. Brüssel, həmçinin Gürcüstan hökumətini siyasi məhbusları azad etməyə çağırır.

Avropa İttifaqı 2024-cü ildə Gürcüstan hakimiyyətinə vizasız rejimin qorunması üçün tövsiyələr göndərib. Bu tövsiyələrə vətəndaş hüquqlarının və toplaşmaq azadlığının qorunması da daxildir. Aİ həmçinin hüquq və azadlıqları pozan, o cümlədən LGBT təbliğatını qadağan edən qanunun ləğv edilməsini tələb edir.