BAKI, 12 dekabr. TELEQRAF

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) katolikos II Qaregini Yepiskoplar Şurasının iclasının keçiriləcəyi təqdirdə daha çox din adamının həbs olunacağı ilə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Şuranın iclası 10-12 dekabr tarixlərində keçirilməsi planlaşdırılsa da, təxirə salınıb. Nəşrin məlumatına görə, iclas MTX-nin şiddətli təzyiqi səbəbindən baş tutmayıb.

Qurumdan II Qareginə bildirilib ki, iclas keçirilsə ​​və katolikosa qarşı bəyanat verən 10 yepiskopla bağlı qərar qəbul edilsə, arzuolunmaz addımlar atılacaq. Hətta həbs edilə biləcək din adamlarının adları da çəkilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Eçmiədzin kilsəsinin girişlərini bağlayacağını və ya yepiskopların yeparxiyalara qayıtmalarını qadağan edəcəklərini açıq şəkildə bəyan edib.

Qeyd edək ki, Yepiskoplar Şurasının bundan əvvəlki iclası da Ermənistan hökumətinin təzyiqinə görə təxirə salmışdı.