BAKI, 11 dekabr. TELEQRAF

“Hazırkı məqamda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq hədəfimiz yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Aİ-yə üzv olacaqları təqdirdə AİB-dən çıxa biləcəklərinə eyham vurub:

“Digər yandan, Avropa İttifaqına (Aİ) üzv olmaq hədəfimiz var. Onu da anlayırıq ki, eyni vaxtda AİB və Aİ-yə üzv olmaq mümkün deyil, elə bir məqam gələcək ki, qərar vermək lazım olacaq. Amma bu gün o məqam deyil, bu gün qərar verməyə ehtiyac yoxdur. Əgər bu gün belə bir qərar verməyə ehtiyac yoxdursa, niyə bunu edək? O məqam gələndə, həmin nöqtəyə çatanda və qərar vermək lazım olduqda, qərar verəcəyik.

İndi belə bir sual yaranır: niyə biz Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun qəbul etmişik? Bu, ilk növbədə, bizim üçün əlavə stimul deməkdir ki, demokratik islahatları davam etdirək, bütün sahələrdə Aİ standartlarına uyğunlaşmaq üçün əlavə motivasiya yaradaq. Aİ üzvü olmaq nə deməkdir? Bu, bütün sahələrdə Aİ standartlarına cavab vermək deməkdir. Biz obyektiv olaraq həmin standartlara uyğun gəlmədiyimiz müddətcə Aİ-yə üzv ola bilmərik. Həmin nöqtəyə çatanda Aİ-yə üzvlük üçün müraciət edəcəyik. O zaman iki variant olacaq: ya bizi qəbul edəcəklər, ya da yox. Üstəlik, ola bilər ki, Aİ artıq genişlənmək istəməsin. Planımızın mahiyyəti ondan ibarətdir ki, o nöqtəyə çatdığımız zaman bizi qəbul edib-etməmələrindən asılı olmayaraq, qazanaq.

Həmin şəraitdə Aİ üzvü olsaq, çox yaxşı, olmasaq da, yenə qazanmış olacağıq, çünki Aİ standartlarına tam uyğun bir dövlətə sahib olacağıq”.