BAKI, 9 dekabr. TELEQRAF
“Macarıstanın əsas məqsədi Cənubi Qafqazda sabitlik, sülh və dinc inkişaf görməkdir və buna nail olmaq üçün Ermənistan və Azərbaycanla balanslaşdırılmış münasibətlər qurmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu macarıstanlı analitik Peter Kranits deyib.
“Macarıstanın əsas və ən mühüm məqsədi Cənubi Qafqazda sabitlik, sülh və dinc inkişafdır. Macarıstanın mövqeyi Ermənistan və Azərbaycanla son dərəcə balanslaşdırılmış münasibətlərə malik olmaqdır. Məsələn, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro yardım ayrılması qərarın veto qoyub, bunu o əsasla edib ki, eyni məbləğ Azərbaycanda aparılan minatəmizləmə əməliyyatlarına da yönəldilməlidir. Çünki Azərbaycan 2020-ci ildən, xüsusilə də 2023-cü ildən bəri sülh prosesində Avropa İttifaqının (Aİ) istənilən iştirakını rədd edir. Bunun səbəbi Bakının Avropanın iştirakını həddindən artıq ermənipərəst kimi qiymətləndirməsidir”, - macar ekspert “Armenpress”ə müsahibəsində bildirib.

Kranits qeyd edib ki, Aİ İttifaqı Cənubi Qafqazda balanslaşdırılmış yanaşma formalaşdıra bilsə, o zaman yenidən regionda öz mövqeyini bərpa edə və vasitəçi olmasa belə, ciddi investisiyalar qoyan və maraqlı oyunçu kimi yerli və regional proseslərə müəyyən təsir göstərə bilər.
Macar ekspert Macarıstanın Azərbaycan və Türkiyə ilə sıx münasibətlərinə də toxunub:
“Bildiyiniz kimi, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlətdir. Budapeşt həm Ankara, həm də Bakı ilə strateji tərəfdaşlığa malikdir. Tam rahat deyə bilərəm ki, Macarıstan Avropa İttifaqında Azərbaycan və Türkiyənin ən güclü və ən vacib tərəfdaşlarındandır. Macarıstan regiona çoxlu investisiyalar yatırıb, Macarıstan Azərbaycanda üçüncü ən böyük investor sayılır. Neft yataqları, neft kəmərləri və Bakı-Tbilisi-Ceyhan boru kəmərində investisiyaya sahibik. Macar şirkətləri bu sahədə əsas maraqlı tərəflərdəndir.
Macarıstan Azərbaycanın “Şahdəniz” qaz yatağına da investisiya qoyub. Macarıstanın “Wizz Air” aviaşirkəti regionda – Azərbaycan, Ermənistan və Gürcüstan bazarında lider mövqedədir. Bizim “Gedeon Richter” kimi əczaçılıq şirkətlərində böyük payımız var, həmçinin onlayn və fiziki aptek şəbəkələrimiz mövcuddur. Buna görə də Macarıstan Cənubi Qafqaz regionunda böyük investisiyalara və maraqlara malikdir”.
“Armenpress” yazıb ki, Aİ-nin Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırması qərarını Budapeştin bloklaması mövzusuna sonuncu dəfə Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.