BAKI, 19 noyabr. TELEQRAF
“Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması davamlı sülh və sabit mühitin təmin edilməsində irəliyə doğru atılmış mühüm addımdır və bunu təbii olaraq alqışlayırıq. Bu tarixi saziş Cənubi Qafqazın gələcəyi, uzunmüddətli inkişafı üçün yeni perspektivlər açır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla birgə keçirdiyi brifinqdə bildirib.
Gürcüstan prezidentinin sözlərinə görə, Tbilisi regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazırdır:
“Gürcüstan regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə hazır olaraq qalır ki, bu da uzunmüddətli perspektivdə yalnız müsbət nəticələr verə bilər. Görüş zamanı da qeyd etdim ki, sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq, Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması getdikcə mühüm əhəmiyyət kəsb edir”.