BAKI, 31 oktyabr. TELEQRAF
“Dünən Ermənistanda Avronestin iclası başa çatdı. (Azərbaycanlı) həmkarımla görüş zamanı söylədi ki, bunu çatdırım: onların Ermənistana gəlməsi ilə bağlı heç bir problem yoxdur. Onlar bizimlə əməkdaşlıq və qarşılıqlı səfərlər baxımından heç bir problem görmürlər”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Milli Məclisinin sədri Alen Simonyan deyib.
Türkiyə və Azərbaycan nümayəndələrinin Ermənistanda keçirilən iclasa qatılmamasının səbəbləri barədə jurnalistlərin sualını erməni spiker belə cavablandırıb:
“Biz bütün nümayəndələrin iştirakından danışırıq, siz isə Azərbaycan və Türkiyənin, yəni qonşularımızın iştirakını ayırırsınız. Məncə, belə bir fərq yaratma qdüzgün deyil, çünki onlar bizim qonşularımızdır. Kim iştirak edir-etsin, qonşularımız da iştirak etməlidir”.
Simonyan qeyd edib ki, burada başqa bir məna görmək lazım deyil, belə olsaydı, Azərbaycan bunu rəsmən bəyan edərdi.
Spiker həmçinin bildirib: “Hazır olun, Azərbaycan nümayəndə heyəti Ermənistana gələcək, Ermənistan nümayəndə heyəti də Azərbaycana səfər edəcək. Əlbəttə, müzakirə olunmalı məsələlər var. Buna baxmayaraq, ünsiyyət davam edəcək və bu əlaqələri daha da dərinləşdirəcəyik. Azərbaycan tərəfi də eyni xətdədir”.