BAKI, 18 oktyabr. TELEQRAF
“Əlbəttə, iqtisadiyyatlarımız bir-birinə bağlıdır. Ölkənin enerji sisteminin Rusiyaya çox güclü bağlılığı var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW-yə müsahibəsində deyib.
“Onlar bizim əsas iqtisadi-ticari tərəfdaşlarımızdan biridir. Amma biz artıq hər şeyi, o cümlədən iqtisadiyyat, ticarət, təchizat bazarları və sairi şaxələndiririk. Həmçinin Ermənistanda qəti şəkildə rusiyayönlü hakimiyyətə çevrilməyin zəruriliyində daim təkid edən siyasi qüvvələr var. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, Ermənistan vətəndaşlarının həll etməli olduğu məsələdir. İnsanların ölkənin taleyini müstəqil şəkildə təyin etmək imkanı var. Bu, seçkilərlə mümkündür. Əvvəlki seçkilərdə partiyamız səslərin çoxunu toplayıb. 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində ciddi daxili siyasi böhrandan (o cümlədən müharibədə Azərbaycana məğlubiyyətdən – red.) sonra dəstək aldıq”, - nazir bildirib.
A.Mirzoyan qeyd edib ki, həmin vaxt keçirilən bir neçə ictimai rəy sorğusu da hakim “Vətəndaş Müqaviləsi” Partiyasının xeyrinə olub:
“Baş nazirimiz (Nikol Paşinyan) bəyan edib ki, demokratiya və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi onun şəxsi prioritetləri və siyasi partiyamızın proqramıdır. Hazırda hökumətdə bizik və o proqramı həyata keçirəcəyik. Əgər insanlar razılaşmayıb növbəti seçkiləri gözləyə bilmirlərsə, küçələrə çıxıb etiraz aksiyaları keçirə və inqilab edə bilərlər. Buna mane olmuruq, amma gördüyünüz kimi, heç bir inqilab baş verməyib və vermir.
Bu, vətəndaşlarımızın proqramımıza səssiz dəstəyi deməkdir. Bu, kifayət etməsə, gələn ilin yayında parlament seçkilərimiz olacaq. Ona görə də dünyada hər kəs vətəndaşlarımızın səsi və qərarlarına hörmətlə yanaşmalıdır”.
Həmçinin xarici işlər naziri qeyd edib ki, Ermənistan noyabr və ya bir il ərzində Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək: “Müraciətimizi nə vaxt təqdim edəcəyimizi dəqiq deyə bilmərəm. Gələn ay ola, gələn il də ola bilər. Bu, bir çox amillərdən asılıdır”.
Xatırladaq ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü proqramı çərçivəsində Avrasiya İqtisadi Birliyindən çıxması gündəmdədir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistan eyni anda həm Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz. Overçuka cavab verən Nikol Paşinyan buna qərar veriləcəyini söyləyərək, seçimlərinin Avropadan yana olduğuna eyham vurmuşdu.