BAKI, 18 oktyabr. TELEQRAF
“Bu, sovet dövründəki kimi, bir klanın qalib gəldiyi, digərinin tamamilə məhv olduğu avtoritar rejimdir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyasının sədr müavini İrakli Favlenişvili deyib.
Onun sözlərinə görə, hökumət daxilində klanlararası mübarizə başlayandan korrupsiya cinayətləri üzə çıxır.
“Bir daha sübut olundu ki, illər boyu biz - Vahid Milli Hərəkat və digər müxalifət nümayəndələri tamamilə haqlı olmuşuq. Həmişə söyləyirdik ki, İvanişvilinin komandası və ya bandası korrupsiyalaşıb, müxtəlif cinayətlərdə iştirak edib. Bu, klanlararası mübarizəyə çevriləndə hər şey üzə çıxdı. Bu barədə açıq danışırdıq və müvafiq qurumlara da müraciət edirdik.
Bu, sadəcə, avtoritarizmin bu mərhələsində banda daxilində gedən klanlararası qarşıdurmanın təzahürüdür. Təəssüf ki, gələcəkdə bütün “Gürcü Arzusu” tərəfdarları eyni aqibəti yaşayacaqlar. Onlar sovet dövründəki kimi bir rejim qurublar - bir klan qalib gəlir, digəri isə batır və məhv edilir. İvanişvilinin bandasının üzvləri də eyni aqibətlə üzləşəcəklər”, - Favlenişvili bildirib.
Gürcüstan Baş prokuror Georgi Qvarakidze bundan əvvəl bəyan edib ki, keçmiş baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Fartxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb. Baş prokurorun sözlərinə görə, axtarışlar zamanı elektron avadanlıqlar, sənədlər və böyük həcmdə pul götürülüb.