BAKI, 17 oktyabr. TELEQRAF
“Ermənistana 2,6 və ya 2,5 milyard avro dəstəyə gəlincə, bu, 2021-ci ilin əvvəlində götürdüyümüz mühüm öhdəlikdir”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos deyib.
“İyulda Baş nazir Paşinyan Brüsseldə oldu, prezident fon der Leyen və prezident Koşta ilə görüşdü. Görüş zamanı biz bəyan etdik ki, həyata keçirilən investisiyalar 2,5 milyarda çatacaq. Bunlar ya artıq həyata keçirilmiş, ya da davam etməkdə olan layihələrdir.
Məsələn, Sisian-Qacaran avtomobil yolunun, o cümlədən tunelin tikintisi bu təşəbbüsün tərkib hissəsidir. Bu gün və ya sabah sizə təqdim edəcəyimiz “Sünik” təşəbbüsü bu yöndə həyata keçirilən böyük səylərin bir hissəsidir”, - səfir bildirib.
Maraqos qeyd edib ki, 2,5 milyard vəsait həm də “Yaşıl İrəvan” təşəbbüsünə, paytaxt üçün ictimai nəqliyyat vasitələrinin alınmasına, 50-dən çox uşaq bağçasının təmir olunmasına, eləcə də Ermənistan və Gürcüstan arasında elektrik enerjisi bağlantısının modernləşdirilməsinə xərclənəcək və ya artıq xərclənir.