BAKI, 15 oktyabr. TELEQRAF

“Azərbaycan Rusiyadan silah alışında maraqlı deyil”.

Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, qonşu ölkənin media resurslarında Azərbaycanın Rusiyadan Su-35 döyüş təyyarələri alacağı ilə bağlı iddia dövriyyəyə buraxılıb:

“Azərbaycan Pakistandan daha mobil və yüksək döyüş tempinə malik qırıcılar alıb. Növbəti partiya qırıcıların alınması gözlənilir.

Rusiyaya gəlincə, Ukraynada davam etdirdiyi müharibə fonunda Kremlin Su-35-lərə ciddi ehtiyacı var. Azərbaycan isə son illərdə Rusiyadan silah alışını kifayət qədər azaldıb. Böyük Britaniyanın Azərbaycan və Ermənistana silah embarqosunu ləğv etdikdən sonra bu məlumatın dövriyyəyə buraxılması təsadüfi deyil. Görünür, Rusiya Londonun bu qərarından narahatdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya son illərdə silah bazarında mövqelərini itirib, onun yerini Qərb ölkələrinin silah şirkətləri tutur:

“Son zamanlarda normallaşmaya baxmayaraq, Azərbaycanla-Rusiya arasında geosiyasi proseslər müstəvidə kifayət qədər ziddiyyətlər var. Xüsusilə, Rusiya Cənubi Qafqazda yeni geosiyasi nizamı qəbul etmək istəmir və prosesləri öz nəzarətinə almağa çalışır. Ona görə də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin Moskvada imzalanmasını təklif edib. Buna ehtiyac yoxdur, prosesi ikitərəfli qaydada aparan Bakı və İrəvan seçimi özü edə bilər. Uzağa getməyə ehtiyac yoxdur, bunu elə sərhəddə etmək mümkündür”.