BAKI, 14 oktyabr. TELEQRAF
“Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti bildirib. Stiven Dauti avqust ayında Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşmüşdü”.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Böyük Britanıya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Ermənistanla da yaxşı münasibətləri var:
“Ona görə də London Azərbaycanla yanaşı, Ermənistana qarşı da silah embarqosunu ləğv etməyə qərar verib. Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Qərb ölkələri, o cümlədən London ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlliylə məşğul olan Minsk qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnikalarla İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mənası yox idi.

Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı.
Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyir. Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycan və Ermənistana silah satmaq icazəsi verildi. Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir”.
Elxan Şahinoğlunun fikrincə, Böyük Britaniyanın Azərbaycana və Ermənistan hərbi texnika satışının başqa səbəbi də var:
“Böyük Britaniya Azərbaycan və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki bu halda bu iki ölkənin Rusiyadan asılılığı arta bilər. Digər tərəfdən, Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycan və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək”.
Politoloq əlavə edib ki, Ukraynanın Rusiyanın ona qarşı müharibəyə başlamasından əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnika və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı savaş açmaqda risk etməzdi.