BAKI, 10 oktyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında artıq sülh bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında deyib.

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişədən sonra sülh yaranıb. Bu prosesin əsas fundamental sənədi MDB-nin təsis sənədi, 1991-ci il Almatı Bəyannaməsidir”, - baş nazir bildirib.

Paşinyan Vaşinqtonda əldə edilmiş razılaşmaya istinadla qeyd edib ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və Almatı Bəyannaməsinə uyğun olaraq keçmişin münaqişəsindən azad, daha işıqlı gələcəyə doğru irəliləmənin zəruriliyini tanıyırlar:

“Heç vaxt yenidən nəzərdən keçirilə və dəyişdirilə bilməyən bu reallıq xalqlarımız arasında düşmənçilik səhifəsinin bağlanmasına zəmin yaradır. Biz indi və gələcəkdə qisas almaq cəhdlərini qətiyyətlə rədd və istisna edirik”.

Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edir.