TBİLİSİ, 23 sentyabr. TELEQRAF
Sentyabrın 22-23-də Ermənistanda keçirilmiş NATO Parlament Assambleyasının 108-ci “Rouz Rot” seminarında əsas mövzulardan biri Cənubi Qafqazda davam edən geosiyasi dəyişikliklər olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
Seminarda parlamentin daimi nümayəndəliyinin üzvləri - Təhsil, elm və gənclərlə iş üzrə komitənin sədri Mariam Laşxi və Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili iştirak ediblər.
Tədbirdə əsas diqqət Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişinə və onun regiondakı roluna yönəldilib.
Müzakirələr zamanı Gürcüstan parlamentinin nümayəndə heyəti sazişi, Ermənistanla Türkiyə arasında müasibətlərin normallaşması prosesini və bunların regionun iqtisadi inkişaf və təhlükəsizliyinə pozitiv təsirlərini müsbət qiymətləndirib. Parlamentarilər, həmçinin Gürcüstanın İrəvan və Bakı arasında sülh quruculuğundakı konstruktiv rolunu müzakirə ediblər.
Nümayəndə heyətinin üzvləri geosiyasi dəyişikliklər və təhlükəsizlik çağırışları ilə bağlı Gürcüstanın mövqeyini də nəzərdən keçiriblər.