TBİLİSİ, 11 sentyabr. TELEQRAF
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının rəhbəri Levan Xabeişvili rüşvət verməyə cəhddə ittiham olunur.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, müxalifətçi açıq şəkildə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz aksiyalarında vəzifə borclarını yerinə yetirməyəcəkləri halda 200 min dollar verəcəyini bildirib.
Siyasətçinin bu cür çağırışları davamlı xarakter daşıyıb. Günahının sübuta yetiriləcəyi halda onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
L.Xabeişvilidən başqa müxalif siyasətçi Murtaza Zodelava da saxlanılıb. O, L.Xabeişvilinin mobil telefonunu gizlətməyə cəhddə və DTX əməkdaşına qarşı zor tətbiq etməkdə ittiham olunur. Bu əmələ görə o, 2 ildən 5 ilədək müddətə həbs oluna bilər.
***
16:25
TBİLİSİ, 11 sentyabr. TELEQRAF
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Siyasi Şurasının rəhbəri Levan Xabeişvili saxlanılıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Müxalifətçinin Tbilisidə “Formula” telekanalının binası yaxınlığında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Qeyd edək ki, VMHP Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştirakdan imtina edib.
L.Xabeişvili bu günlərdə bildirib ki, Gürcüstanda “İvanişvili rejimi”nin kapitulyasiyası yaxınlaşır və oktyabrın 4-də qələbə günü olacaq. O, seçki günündə hamını küçələrə çıxmağa çağırıb.