TBİLİSİ, 2 sentyabr. TELEQRAF

Gürcüstan parlamenti sabah Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni rəhbər seçəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökumət hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin bu posta namizədliyini artıq qanunverici orqana təqdim edib.

DTX-nin keçmiş rəisi Anri Oxanaşvilinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatıdır. Son illərdə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” fraksiyasının rəhbəri vəzifələrini tutur. O, həmçinin hakim partiyanın icraçı katibidir.

Xatırladaq ki, A.Oxanaşvili bu ilin aprelində altı il müddətinə DTX-nin rəhbəri seçilsə də, avqustun 23-də istefa verib.