BAKI, 1 sentyabr. TELEQRAF

ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen və qurumun baş katibi Feridun Sinirlioğlu Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesini və əlaqədar strukturları bağlayan Nazirlər Şurasının qərarının qəbulunu alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ATƏT-in saytında bildirilib.

“Mən Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara və onların tezliklə həyata keçirilməsinə başlamaq üçün qətiyyətli qərarına görə bir daha ən səmimi təbriklərimi çatdırmaq istərdim. Onların birgə müraciətinə gecikmədən cavab verdim və prosesdə möhtəşəm əməkdaşlığa görə tərəflərə səmimi təşəkkürümü bildirmək istərdim”, - Valtonen deyib.

Baş katib Sinirlioğlunun məsələ ilə əlaqədar açıqlaması belədir:

“Bu, onilliklər boyu davam edən qarşıdurma və inamsızlıqdan sonra diplomatiyanın nəyə nail ola biləcəyini vurğulayan tarixi bir hadisədir. Bu, tərəflər arasında ortaq qətiyyət olduqda razılaşmanın mümkün olduğunu nümayiş etdirir”.

Nazirlər Şurasının bu qərarı 8 avqustda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış və ABŞ Prezidenti Donald Trampın şahidi olduğu birgə bəyannamədən sonra verilib. Nazirlər Şurasının qərarı ATƏT-in 57 iştirakçı dövlətinin hamısının konsensusu ilə qəbul edilib.

ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in baş katibi Ermənistan, Azərbaycan və regiona davamlı sülh və sabitlik gətirən səyləri dəstəkləməkdə sarsılmaz sadiqliklərini təsdiqləyiblər.

Bu qərarın qəbulundan sonra ATƏT Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün addımlar atacaq. Yalnız aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq proses başa çatana qədər davam edəcək.