TBİLİSİ, 21 iyul. TELEQRAF
Avropa Komissiyasının Gürcüstana LGBT üzvlərinin hüquqlarının müdafiəsi ilə bağlı tövsiyəsi böyük məyusluq yaradıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.
Qeyd olunub ki, bu cür yanaşma uzun illər ərzində Avropa İttifaqı ölkələrinin nümayəndələri və yüksək vəzifəli diplomatlarının Gürcüstan Pravoslav Kilsəsinin üzvləri ilə çoxsaylı görüşlərində səsləndirdikləri prinsip və bəyanatlarla tam ziddiyyət təşkil edir.
“Onlar tərəfdən hər zaman aydın olaraq açıqlanırdı ki, Gürcüstanın Avropa sturkturlarına inteqrasiyası qeyri-ənənəvi həyat tərzinin təşviqi ilə bağlı deyil. Gürcüstan Katalikos-Patriarxı ilə görüşlərdə hər zaman aydın bəyan olunub ki, gürcü xalqının iradəsi xristian və ənənəvi ailə dəyələrini qorumaqdır. Həmçinin vurğulanırdı ki, Avropa strukturlarına üzv olmaq yolunda ənənələrimizə zidd heç bir qəti tələb və öhdəliklər irəli sürülməyəcək”, - bəyanatda deyilir.
Ali dini qurum bildirib ki, vaxtilə ailə dəyərlərinə dair və gənclərin qeyri-ənənəvi həyat tərzinin təbliğindən qorunması ilə bağlı Gürcüstanda qəbul edilən qanunlar dini icma tərəfindən tam şəkildə dəstəklənib. Vurğulanıb ki, indiki şəraitdə dini icma bu qanunları sağlam ictimai quruluşun möhkəmlənməsi üçün kifayət qədər adekvat hesab edir.
Qeyd edək ki, Avropa Komissiyası Gürcüstana səkkiz tövsiyənin yer aldığı məktub ünvanlayıb və onların yerinə yetirilməsi üçün son tarix avqust ayının sonu müyyən edilib. Tövsiyələr əsasən bir neçə qanunun ləğvi, viza siyasətinin Avropa İttifaqının (Aİ) viza siyasətinə uyğunlaşdırılması, LGBT üzvlərinin hüquqlarının tam qorunması ilə bağlıdır. Onların yerinə yetirilməyəcəyi halda Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız rejimin dayandırılacağı gözlənilir.