TBİLİSİ, 18 iyul. TELEQRAF

“Avropa bürokratiyasının atdığı bütün təxribatçı addımları Gürcüstanda hakimiyyət dəyişikliyi və müxalifətin dəstəklənməsinə yönəlib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Partiyanın Siyasi Şurasının bəyanatını ictimaiyyətə açıqlayan Gürcüstanın Baş naziri son həftələr ərzində Avropa Parlamentinin ölkənin əleyhinə yeddinci qətnaməni qəbul etdiyini xatırladıb.

“Avropa İttifaqının xarici işlər nazirləri vizasız rejimin dayandırılması təhdidi ilə birgə müraciət yayıblar. Brüsseldə sanksiyalar və azad ticarət rejiminin dayandırılması məsələləri daxil olmaqla Gürcüstanla bağlı üç dəfə müzakirələr aparılıb və nəhayət Avropa Komissiyası məktub göndərərək hökumətə şərt qoyub. Bizdən şəffaflıq və ailə dəyərləri haqqında qanunların ləğvini tələb edirlər, əks halda vizasız rejimin dayandırılacağı ilə təhdid ediblər”, - partiya sədri söyləyib.

Onun sözlərinə görə, şəffaflıq və ailə dəyərləri haqqında qanunların viza rejiminin liberallaşdırılması ilə heç bir əlaqəsi yoxdur:

“Əlbəttə ki, bu iki məsələ bir-biri ilə heç cürə bağlı deyil, lakin “Qlobal müharibə partiyası”nın koordinasiya etdiyi Avropa bürokratiyası şantaj və təzyiq üçün hər hansı bir əsas tapmağa çalışır”.