TBİLİSİ, 16 iyul. TELEQRAF

Gürcüstanın Qori bələdiyyəsinin Xeltubani kəndində bir neçə vətəndaş xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ötən gün baş vermiş insident zamanı üç polis əməkdaşına soyuq silahla xəsarətlər yetirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saxladıqları avtomobili sürücülük vəsiqəsi olmayan yeniyetmənin idarə etdiyini müəyyən ediblər. 2009-cu il təvəllüdlü həmin şəxs polisə müqavimət göstərib. Qarşıdurmaya yeniyetməninin atası və digər qohumları da müdaxilə edib.

Faktla bağlı beş nəfər saxlanılıb. Onlar polis əməkdaşına qrup şəklində basqın etməkdə ittiham olunurlar.

Bıçaq yaraları almış polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.