TBİLİSİ, 9 iyul. TELEQRAF

Bir neçə gün öncə intihara cəhd etmiş Gürcüstanın Acarıstan Muxtar Respublikası (MR) hökumətinin keçmiş sədri Tornike Rijvadze Türkiyəyə aparılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun müalicəsi ailəsinin istəyi ilə Türkiyədəki klinikalardan birində davam etdiriləcək.

Həkimlər bildiriblər ki, T.Rijvadzenin vəziyyəti stabil qiymətləndirilir, müsbət dinamika müşahidə edilir. Yaxın günlərdə onun süni tənəffüs aparatından ayrılacağı gözlənilir.

Qeyd edək ki, Acarıstanın sabiq hökumət sədri üç gün öncə odlu silahla intihara cəhd edib. O, döş qəfəsindən güllə yarası ilə klinikaya yerləşdirilmişdi, onun yalnız ağciyəri zədələnmişdi. Ötən gün axşam Gürcüstanın Baş naziri İrakli Kobaxidze T.Rijvadzenin yerləşdirildiyi Tbilisidəki Birinci Universitet Klinikasına baş çəkib, həkimlərdən onun durumu ilə maraqlanıb.

Xatırladaq ki, T.Rijvadze 2018-ci ildən bu ilin aprelinədək Acarıstan MR-in hökumət başçısı vəzifəsini tutub. O, aprelin 4-də öz istəyi əsasında istefa verib.