TBİLİSİ, 7 iyul. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze intihara cəhddən öncə məktub yazıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Xəstəxanada tibbi personalın T.Rijvadzenin üst geyimində aşkarladığı məktubda qeyd olunub ki, o, əsassız olaraq korrupsiya və narkotik ticarətçilərinə himayədarlıqda günahlandırılır.
Sabiq hökumət sədri hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və Baş nazir İrakli Kobaxidzeyə ailəsini qorumaq xahişi ilə müraciət edib. O qeyd edib ki, onun bütün əməkdaşları və əhatəsində olanlar günahsızdırlar və hamı “onun göstərişi ilə hərəkət edib”.
T.Rijvadzenin məktubundan məlum olub ki, o, intihara Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandre Axvledianinin silahı ilə cəhd edib.
***
11:08
TBİLİSİ, 7 iyul. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) keçmiş hökumət sədri Tornike Rijvadze döş qəfəsindən aldığı güllə yarası ilə Saqareco rayonunda xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, T.Rijvadzenin ağciyəri zədələnib, lakin vəziyyəti stabildir.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq tədbirlərinə başlanılıbb.
T.Rijvadze artıq Tbilisi xəstəxanalarından birinə köçürülüb.
Hadisə ilə bağlı Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandre Axvlediani oldu silahın ehtiyatsız saxlanması maddəsi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qeyd edək ki, T.Rijvadze 2018-ci ildən bu ilin aprelinədək Acarıstan MR-in hökumət başçısı vəzifəsini tutub. O, aprelin 4-də öz istəyi əsasında istefa verib.