TBİLİSİ, 30 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Qaxariya Gürcüstan naminə” partiyasından seçilmiş 12 deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, buna səbəb onların parlamentin iclaslarında üzrsüz səbəblərdən iştirak etməmələridir.

Bu gün qanunverici orqanın Prosedur məsələlər üzrə komitəsində məsələyə baxılıb və mandatların ləğvi tövsiyə olunub. Qərar parlamentin iyulun 1-də və yaxud 2-də keçiriləcək növbədənkənar iclasında qəbul ediləcək.

Qeyd edək ki, “Qaxariya Gürcüstan naminə” partiyasının sədri keçmiş baş nazir Giorgi Qaxariyadır. Partiya ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərində 12 mandat əldə edib, lakin seçkiləri qeyri-legitim elan etdiyindən qanunverici orqanın işinə qatılmamağa qərar verib. Digər müxalif birliklərdən fərqli olaraq “Qaxariya Gürcüstan naminə” partiyasından deputat seçilmiş 12 nəfər mandatlarının ləğvi üçün parlamentə müraciət etməyib.