BAKI, 27 iyun. TELEQRAF
Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyan Ermənistanın İstintaq Komitəsinin Yerevanda yerləşən binasına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Artıq onun saxlanılması ilə bağlı qərar verilib.
Arxiyepiskop buraya səhər saatlarında hüquq-mühafizə orqanlarının onu saxlamağa cəhd etdiyi Eçmiəzdin şəhərindən gəlib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri onu birbaşa İstintaq Komitəsinin binasına aparıblar. Bina ətrafındakı küçələr və yaxınlıqdakı həyətlər polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında arxiyepiskopa dəstək verən şəxslər də toplaşıblar.
***
17:32
Ermənistan Baş naziri Nikol Paşinyan Eçmiədzin kafedralında baş verənlərlə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, Erməni apostol kilsəsini (katolikos II Qaregin və komandasından) azad edəcəklərini bildirib.
“Kafedralda münaqişəni kimin qızışdırdığı bəlli oldu. Hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatlara boyun əymədiyini görərək, öz aralarında dava salmağa başladılar. Heç bir toqquşma olmayacaq. Erməni apostol kilsəsinin sədaqətli xadimləri oranı azad edəcək və layiq olana təhvil verəcək”, - baş nazir qeyd edib.
Paşinyan dövlət çevrilişinə cəhddə ittiham olunan arxiyepiskop Mikayel Ajapaxyanın həbsi məsələsinə də toxunub:
“Məhkəmə bir-iki aylıq həbs-qətimkan tədbiri seçsə, “müqəddəs arvadı” olmadan necə yaşayacaq?”.
***
16:27
Şirak yeparxiyasının rəhbəri Mikayel Ajapaxyan vəkilləri ilə birlikdə İrəvanda Ermənistan İstintaq Komitəsinə ifadə vermək üçün piyada yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Vətəndaşlar onun könüllü olaraq İstintaq Komitəsinin qarşısına çıxmasına imkan yaradıblar.

Arxiyepiskopun gəlişindən əvvəl İstintaq Komitəsinin girişi və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə çoxlu canlı qüvvə yerləşdirilib.
“Bu dəqiqələrdə İstintaq Komitəsinin əsas girişində çoxlu sayda qırmızı beretlilər toplaşır. Yüksək rütbəli polislər də xidməti maşınlarla ora yaxınlaşırlar. Çox güman ki, onlar Şirak yeparxiyasının rəhbəri ilə görüşə hazırlaşırlar”, - yerli KİV bildirib.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan silahlı çevrilişə çağırış edən arxiyepiskopun həbs olunacağını bəyan edib:
“Silahlı çevrilişə çağıran Ajapaxyan həbs olunacaq. Münaqişəyə, terrora can atan əclaflar məqsədlərinə çatmayacaqlar”.
***
16:06
Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Ajapaxyan tezliklə vəkili ilə İstintaq Komitəsinə gedəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən heç nədən qorxmuram, bu, tamamilə uydurma və qanunsuz ittihamdır. Mən heç vaxt heç nə gizlətməmişəm, çəkinməmişəm, dediklərimi də geri götürmürəm. Yaxşı eləmişəm. Xahişim odur ki, maşına minib vəkilimlə İstintaq Komitəsinə gedim, özümü təqdim edim”, - Ajapaxyan bildirib.

***
15:54
Eçmiəzdin kafedralının həyətinə toplaşan vətəndaşlar Şirak yeparxiyasının primatı arxiyepiskop Mikayelin vəkilləri ilə Cinayət Axtarış İdarəsinə getməsinə imkan verməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Etirazçılar sıx dairə yaradaraq arxiyepiskopun avtomobilini mühasirəyə alıblar. Nəticədə o, kafedrala qayıdıb.
***
15:43
Ermənistanda dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikayel Ajapaxyan Cinayət Axtarış İdarəsinə getmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Ara Zohrabyan məlumat verib.
“Toqquşmaların olmaması çox yaxşıdır. Sonda polis və MTX qüvvələri geri çəkildi. İndi arxiyepiskop Mikayel və bir qrup vəkil Cinayət Axtarış İdarəsinə gəlmək və dindirilmə prosesində iştirak etmək üçün yola düşür”, - vəkil bildirib.

Həmçinin Eçmiədzin kafedralı bu gün baş verənlərlə bağlı bəyanat yayıb.
Bəyanatı kafedralın mətbuat xidmətinin rəhbəri arxiyepiskop Natan Ovannisyan oxuyub.
Arxiyepiskop kafedralın adından xalqı baş verənlərə (Ermənistan hökumətinə) boyun əyməməyə və erməni kilsəsinə bütün qanuni vasitələrlə dəstəyini davam etdirməyə çağırıb.
***
15:16
Müxalif “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan barəsində cinayət işi açılmış və həbsi tələb olunan arxiyepiskop Mikayel Ajapaxyanın baş nazirliyə namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə sosial mediada yazıb.
“(Hakim partiyanın keçmiş üzvləri) Ovik Ağazaryan və Akop Aslanyanla müzakirə apardım. Baş nazirə (Nikol Paşinyan) qarşı impiçment prosesi çərçivəsində namizədliyimi irəli sürməkdən imtina etməyə hazıram, Ağazaryan və Aslanyan isə arxiyepiskop Mikayel Ajapaxyanın namizədliyini irəli sürməyə hazırdırlar.
Bütün müxalifət və iqtidar fraksiyasının deputatlarını bu təşəbbüsə qoşulmağa çağırırıq. Məsələnin parlamentə çıxarılmasını və konstitusiya yolu ilə hakimiyyət dəyişikliyinin həyata keçirilməsini təklif edirik”, - siyasətçi bildirib.
***
14:54
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan Eçmiədzin kafedralında baş verənlər fonunda bütün ermənilərin katolikosu II Qaregin və ətrafını “bidətçi” adlandırıb.
Teleqraf xəbər verir ki, hakim komandanın üzvü onları vəzifələrini tərk etməyə çağırıb.
“1999-cu il oktyabrın 27-də Erməni Apostol Kilsəsini zəbt etmiş bidətçilər klanı taxtı tərk etməlidir”, - Ovannisyan bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da Eçmiədzin kilsəsi ətrafında baş verənlər barədə danışıb.
Baş nazirin oğlu cinayət törətmiş bütün din xadimlərinin həbs edilməli olduğunu bildirib:
“Kilsə divarları arxasında istədiyinizi edə bilməyəcəyinizi bilirdinizmi?
Tanrının adını çəkərək insanları qan tökməyə, hərbi çevrilişə, küçələri qanla doldurmağa çağırıb, ədalətdən qaça biləcəyinizi düşünürdünüz?
Tanrı və din sizin üçün cinayətlərinizə haqq qazandırmaq üçün sadəcə bir yoldur. Dövlətin gördüyü işlər birbaşa ədalət tələbidir. İrimiqyaslı qətllərin təşkilində birbaşa iştirak edən bütün şəxslər həbs edilməlidir. Potensial olaraq iştirak edə bilənlərin də hamısı ciddi nəzarət altında olmalıdır. Burada heç bir siyasi məzmun yoxdur”.

Aşot qeyd edib ki, bu miqyasda qan tökülməsini təşkil edən heç kim küçələrdə sərbəst dolaşa bilməz:
“Ermənistanda terrorçu qruplaşmalar olmamalıdır. Siyasət qan və ölüm təhlükəsi altında aparılmamalıdır”.
***
14:30
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yeni bəyanatla çıxış edərək, vəziyyətin mümkün və düşünülmüş şəkildə gərginləşməsinin qarşısını almaq üçün Eçmiədzin kafedralının ərazisindən çəkilməyə qərar verdiyini bildirib.
Teleqraf xəbər verir ki, dövlət çevrilişinə cəhddə ittiham olunan arxiyepiskop Mikayel Ajapaxyanı könüllü hüquq-mühafizə orqanlarına təslim olmağa çağırıb.
“27 iyun 2025-ci il tarixində arxiyepiskop Mikayel Ajapaxyanın (Gevorq Artaşes Ajapahyan) Eçmiədzin kafedralının ərazisində saxlanılması barədə qərarın icrası zamanı vətəndaşların toplanması qeydə alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis mümkün münaqişənin qarşısının alınması üçün kafedralın ərazisindən çəkilməyə qərar verib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa çağırır. Arxiyepiskop Maykl Ajapaxyanı (Gevorq Artaşes Ajapahyan) hüquq-mühafizə orqanlarından gizlənməməyə və özünü onu gözləyən Milli Təhlükəsizlik Xidmətinin əməliyyat qrupuna təqdim etməyə çağırırıq.
MTX ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. Hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə mane olma hallarına hüquqi qiymət veriləcək”, - bəyanatda deyilib.

***
14:28
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan Eçmiədzində baş verənlərlə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bütün ermənilərin katolikosu II Qaregini dövlət çavrilişinə cəhddə ittiham edib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının gələcəyini əvvəlcədən bildiyindən dövlət çevrilişinə çağırış edən Ajapaxyan Eçmiədzin kafedralına qaçır, ora sığınır və onu dövlətə qarşı sipərə çevirir. Eyni vaxtda müxalif terrorçular insanları Eçmiədzinə getməyə və onu hüquq-mühafizə orqanlarından qorumağa çağırış edirlər. Arzuladıqları toqquşmanı yaratmaq üçün süni münaqişə yaradırlar.
Ktriç Nersisyan (II Qaregin) kafedralı siyasi mübarizə alətinə və dövlətə qarşı terror aktları üçün bazaya çevirir. Dövlət qanunun aliliyini və xalqı terrorçulardan, cinayətkar ünsürlərdən qorumalıdır. Eçmiədzini siyasi mübarizə üçün qalaya çevirmək bidətçilikdir”, - Koncoryan vurğulayıb.
***
13:40
Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan araşdırma zamanı Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Ajapaxyana (Gevorq Artaşes Ajapaxyan) qarşı cinayət işinin başlanması barədə qərar qəbul edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı iyunun 27-də hazırda azadlıqda olan Gevorq Ajapaxyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verilib.
Qərarın icrası Ermənistan Milli Təhlükəsizlik Xidmətinə həvalə edilib.

G.Ajapaxyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi üzrə (Hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) ittiham edilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa çağırıb:
“Arxiyepiskop Mikayel Ajapaxyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə və özünü onu gözləyən Milli Təhlükəsizlik Xidmətinin əməliyyat qrupuna təqdim etməyə çağırırıq”.
Eçmiədzin kafedralının qapıları yenidən bağlanıb. Ərazidə etirazçıların sayı artır.
Kafedralın ərazisində çoxlu sayda polis və MTX əməkdaşı var. Aralarında vaxtaşırı qarşıdurma və gərginlik yaşanır.
**
13:35
Ermənistanın aidiyyəti qurumları Eçmiədzin şəhərinə girişi bağlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd edilir ki, vətəndaşların Eçmiədzin şəhərinə yaxınlaşmasına icazə verilmir.
***
13:10
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlılarının əlavə qüvvələrinin Eçmiədzin kafedralının qarşısı və ətrafında yerləşdirilməsi gərginliyi artırıb.
Teleqraf xəbər verir ki, etirazçılar xüsusi təyinatlıları “Türklər!” şüarları ilə qarşılayıblar.
Polis Eçmiədzinə gedən bütün avtomobillərdə axtarış aparır.

Kafedralda vəziyyət gərgin olaraq qalır, ərazidə yeni qüvvələr toplanır.
Etirazçılar MTX əməkdaşlarının arxiyepiskop Mikayel Ajapaxyanı aparmalarına imkan vermirlər. Arxiyepiskop hazırda kafederalın içindədir, səhhətinin pisləşdiyi bildirilir.

***
12:39
Bir az əvvəl polis qüvvələri Eçmiədzin şəhərinə daxil olublar. Eçmiədzinə əlavə iki avtobus qüvvə gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Eçimədzin kafedralının həyətində vəziyyət gərgindir. Toplanan vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayeli aparmağa imkan verməyiblər və o, yenidən katolikos II Qareginlə birlikdə kafedrala qayıdıb.
Kafedralın həyətində toplaşanlar bütün vətəndaşları kilsənin müdafiəsinə qalxmağa çağırırlar.
***
12:22
Eçmiədzində vəziyyət yenidən gərginləşib. İnsanlar girişi bağlayıblar. Kafedralın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava gedir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) xüsusi təyinatlıları arxiyepiskop Mikayel Ajapaxyanı aparmaq üçün Eçmiədzin kafedralındadırlar.
Bir müddət əvvəl Ajapaxyan bütün ermənilərin katolikosu II Qareginlə birlikdə hüquq mühafizə orqanlarının müşayiəti ilə kafedraldan çıxıb. II Qaregin Ajapaxyanla birlikdə gedəcəyini bəyan edib.
.jpg)
Etirazçılar Mikayel Ajapaxyanın aparılmasına mane olmağa çalışırlar. Arxiyepiskop onu daşımaq üçün gələn avtomobilə yaxınlaşarkən, ətrafına toplaşanlar buna imkan verməyiblər və o, katolikosla birlikdə kafedrala qayıdıb.
***
12:19
Arxeiyepiskop Mikayel Ajapaxyan və bütün ermənilərin katolikosu II Qaregin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Eçmiədzin kafedralından çıxıblar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, kilsədə vəziyyət son dərəcə gərgindir.
Din xadimləri və etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarının onları (II Qaregin və Ajapaxyanı) aparmasına imkan verməməyə çalışırlar.
***
12:15
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvandan Eçmiədzin kilsəsinə yeni qüvvələr göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
MTX avtomobilləri və qüvvələrinin sürətlə hərəkətini təmin etmək üçün patrul xidməti yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Məlumata görə, Eçmiədzində vəziyyət daha da gərginləşib. MTX əməkdaşları təkcə din adamlarını yox, ora toplaşan etirazçılar və jurnalistləri də sıxışdırırlar.
***
12:00
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Eçmiədzin Kilsəsinin ərazisinə yenicə daxil olublar.
Teleqraf xəbər verir ki, yerli KİV MTX əməkdaşlarının kilsəyə bundan əvvəl barəsində cinayət işi açılmış Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Ajapaxyanı aparmaq üçün gəldiklərini yazıb.
“Gəlib bildirdilər ki, qərar var, Mikayel Ajapaxyan həbs edilmək üçün saxlanılmalıdır”, - arxiyepiskopun vəkili KİV-ə bildirib.

Bütün ermənilərin katolikosu II Qareginlə birlikdə MTX əməkdaşlarının önünə Maikayel Ajapaxyan hüquq-mühafizə orqanlarına təslim olacağını deyib.
Kilsə önünə toplanmış etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərginlik yaranır.

Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi üzrə (Hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” Hərəkatının liderləri və tərəfdarları Ermənistanda dövlət çevrilişinə və terror aktlarına cəhddə ittiham olunur.
İyunun 26-da bu ittihamlarla onlara qarşı cinayət işi açılıb, Baqrat Qalstanyan da daxil olmaqla, 20-dən çox şəxs həbs olunub.