TBİLİSİ, 23 iyun. TELEQRAF

“Avropa İttifaqı və Gürcüstan arasında vizasız gediş-gəliş rejiminin dayandırılması üçün heç bir hüquqi əsas yoxdur”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, rejimlə bağlı Gürcüstan və Aİ-nin hüquq və öhdəlikləri beynəlxalq müqavilədə əksini tapıb.

Spiker qeyd edib ki, rejimin ləğvi ilə bağlı addım atılarsa, bu əsassız və qeyri-qanuni əməl olacaq.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martın 28-dən tətbiq olunur. Bu ilin yanvarında Aİ Gürcüstanın diplomatik pasportlarına sahib şəxsləri üçün vizasız rejimi ləğv edib. Lakin gürcü məmurların diplomatik pasportla yanaşı, adi pasportları da olduğundan bu addım daha çox rəmzi xarakter daşıyıb.