TBİLİSİ, 23 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay müddətinə həbs olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Siyasətçiyə iki il müddətinə dövlət vəzifəsi tutmaq da qadağan edilib.

Müxalifətçi məhkəməyə və hakimə etimadsızlığını bildirdiyinə görə hökmün elanında iştirak və yekun söz hüququndan istifadə etməyib.

Xatırladaq ki, Z.Caparidze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi bu ilin aprelin 16-da 20 min lari məbləğində girov tətbiq edib. Müxalifətçi girovu ödəməkdən imtina edib, məhkəmə mayın 22-də girov qətimkan tədbirini həbslə əvəzləyib.

Qeyd edək ki, Tbilisi şəhər məhkəməsi eyni ittiham irəli sürülmüş digər müxalifət liderləri– Badri Caparidze və Mamuka Xazaradze ilə bağlı da qərarını bu gün açıqlayacaq.