TBİLİSİ, 3 iyun. TELEQRAF

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə xarici işlər nazirinin müavini, səfir Berris Ekinci ilə görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Görüşdə Gürcüstan və Türkiyə arasında xüsusi dostluq münasibətlərinin və sıx strateji tərəfdaşlığın olduğu qeyd edilib.

Tərəflər Gürcüstan-Türkiyə Hökumətlərarası Birgə İqtisadi Komissiyasının bu ilin iyulunda Tbilisidə növbəti sessiyasının keçirilməsini alqışlayıblar, tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıblar.

Görüşdə regional formatlarda, xüsusilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatı çərçivəsində uğurlu əməkdaşlığı, Orta Dəhlizin inkişafında strateji layihələrin uğurla həyata keçirilməsinin vacibliyini də qeyd ediblər.

Müzakirə zamanı regionda təhlükəsizlik mühiti, regionun davamlı və sabit inkişafı üçün Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyətinə də toxunulub. Gürcüstan tərəfi Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb, M.Boçorişvili bu prosesə töhfə verməyə hazırlığını bildirib.

Qeyd edək ki, bu gün Tbilisidə Gürcüstan və Türkiyənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilir. Gürcüstan nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Türkiyə nümayəndə heyətinə isə Berris Ekinci rəhbərlik edir.