TBİLİSİ, 13 may. TELEQRAF
Gürcüstan parlamentində müxalif Vahid Milli Hərəkat Partiyası və onun ətrafındakı siyasi birliklərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənədin lehinə 80 deputat səs verib.
Yeni qanuna əsasən, partiyaların ləğvi ilə bağlı qərarı ölkənin Konstitusiya Məhkəməsi qəbul edəcək. Qərarın qəbulu üçün 14 günlük müddət müəyyən olunub.
***
09:48
TBİLİSİ, 13 may. TELEQRAF
Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının (VMHP) qadağan edilməsi ilə bağlı qanunvericilik layihəsi bu gün parlamentin plenar iclasında sonuncu – üçüncü oxunuşa çıxarılacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənəddə VMHP-nin ətrafında olan siyasi təşkilatların da fəaliyyətinin qadağan olunması nəzərdə tutulub.
Layihəyə əsasən, məqsədi Gürcüstanda konstitusiya quruluşunu devirmək və yaxud onun zorakılıq yolu ilə dəyişdirilməsi, ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması, müharibə və zorakılığın təşviqi, milli, etnik və ya sosial ayrı-seçkiliyi alovlandırmaq olan partiyaların yaradılması qadağan ediləcək.
Qeyd edək ki, VMHP-ni 2001-ci ildə sabiq prezident Mixeil Saakaşvili təsis edib. Partiya 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub. Partiya və onun ətrafındakı siyasi birliklərin ləğvi üçün əsas olacaq faktları Gürcüstan parlamentində yaradılmış xüsusi istintaq komissiyası təqdim edəcək. Partiyaların konstitusiyaya zidd elan edilməsi prosesinə bu ilin oktyabrında keçiriləcək yerli seçkilərdən sonra başlanılacaq.