BAKI, 1 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycanda görüşə bilər.

Teleqraf xəbər verir ki, bu iddia ilə erməni analitik Tatevik Ayrapetyan çıxış edib.

“İsrail Baş naziri Benyamin Netanyahu 5 gün qalacağı Azərbaycana səfər etməyi planlaşdırır. Bu, səfər üçün qeyri-adi uzun müddətdir.

Digər diqqətçəkən məqam: Türkiyə Prezidenti Ərdoğanın da o günlərdə Bakıya səfəri nəzərdə tutulub. Yəni İsrail baş nazirinin Bakıda olacağı vaxt. Bəllidir ki, burada əsas mövzu Suriya və ümumilikdə Yaxın Şərq olacaq görüş və danışıqlar planlaşdırılır. Üstəlik, Türkiyə Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanını açır.

Bütün bunlarla yanaşı, gələn həftə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə də Bakıya səfər edəcək.

Bir sözlə, bizi maraqlı və önəmli hadisələrlə dolu on günlük bir müddət gözləyir”, - ekspert bildirib.