TBİLİSİ, 29 aprel. TELEQRAF

Gürcüstan ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən müəyyən qrup şəxslər ölkədə vətəndaş qarşıdurmaları yaratmağı və sabitliyi pozmağı planlaşdırıblar, son məqsəd hakimiyyəti zorakı yolla dəyişdirmək olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2024-cü il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, ayrı-ayrı qrupların əməlləri xarici ölkələrdən maliyyələşmə əsasında parlamentdə təmsil olunan və olunmayan konkret siyasi partiyaların, QHT rəhbərləri tərəfindən istiqamətləndirilib.

“Müxtəlif vaxtlarda ölkədən kənarda yaşayan Gürcüstan vətəndaşları cinayət planlarında fəal iştirak ediblər, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi Gürcüstana gəlməyə və polisə qarşı planlaşdırılan zorakılıqda fəal iştirak etməyə hazır olduqlarını bəyan ediblər ki, bu da vəziyyətin həddindən artıq gərginləşməsinə gətirib çıxara bilərdi. Hakimiyyətdə təmsil olunan vəzifəli şəxslərin aradan götürülməsi də müzakirə olunub”, - hesabatda deyilir.

Qeyd olunub ki, etirazların təşkilatçılarının məqsədi Tbilisidə baş verən prosesləri “maydan”a çevirmək olub, şəhərin nəqliyyat qovşaqlarını iflic etmək, dövlət qurumlarına və strateji obyektlərə, hüquq-mühafizə orqanlarının yerləşdirildiyi bazalara giriş yollarını bağlamaq, mərkəzi prospektlərdə çadır şəhərciklərinin qurulması planlaşdırılıb.

Hesabatda vurğulanıb ki, etirazların təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstanda keçirilmiş prezident seçkiləri prosesini də pozmağı planlaşdırıblar və bu məqsədlə parlament binası ətrafında vəziyyəti maksimum gərginləşdirmək, insan tələfatı yaratmaq və buna görə məsuliyyətin hökumətin üzərinə qoyulması nəzərdə tutulub.