TBİLİSİ, 14 aprel. TELEQRAF

“Gürcüstan və Azərbaycan Orta Dəhlizdə mühüm rol oynayan iki vacib ölkədir. Prezident Əliyev də məhz bunu vurğulayıb”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalının efirində yayımlanan “Günün xronikası” proqramında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının və Avropa Komissiyasının diqqətinə çox sadə bir məsələni çatdırdı ki, Orta Dəhlizdən danışarkən ilk növbədə bu dəhlizin haradan keçdiyini görmək üçün xəritəyə baxmaq lazımdır.

“Xəritəyə baxıb oradakı ölkələri görərək onları qeyd etmədən dəhlizdən danışmaq təbii ki, mümkün deyil. Bağlantılarla bağlı layihələr Avropa İttifaqı üçün çox vacib və zəruridir. Brüssel bu məsələlərə ciddi yanaşmalı və manipulyasiya yanaşmalarından istifadə etməməlidir”, - XİN başçısı söyləyib.

M.Boçorişvili qeyd edib ki, Gürcüstan üçün Mərkəzi Asiya və ümumilikdə Asiya ilə münasibətlər Avropa ölkələri ilə münasibətlər qədər vacibdir.