
BAKI, 14 aprel. TELEQRAF
Ermənistan konstitusiyasına dəyişiklik Azərbaycanın sülh sazişinin imzalanması üçün çoxdan irəli sürdüyü tələb və şərtdir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Anna Qriqoryan deyib.
Onun fikrincə, sülh sazişinə daxil edilməsə də, məsələ ilə əlaqədar tərəflər arasında şifahi razılaşma olub.
“Ermənistan hakimiyyəti konstitusiyaya dəyişiklik edilməsinin “daxili məsələ” olduğunu desə də, hətta beynəlxalq platformalarda bunun Bakının tələbi olduğu qeyd olunur”, - Qriqoryan bildirib.
Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ötən həftə yeni konstitusiyanın mətninin 2026-cı ildə hazır olacağını açıqlayıb. Yeni mətndən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasının çıxarılacağı gözlənilir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir.