BAKI, 20 fevral. TELEQRAF

Ermənistan hakimiyyəti aylardır erkən parlament seçkiləri keçirmək fikrində olmadığını iddia edərək, ictimaiyyəti bu fikrindən daşındırır. Amma Baş nazir Nikol Paşinyan dünən yayımladığı videomüraciətində hökumətin qeyri-adi prosesə hazırlaşdığını dolayısı ilə təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Erməni nəşri xatırladır ki, bir neçə gün əvvəl parlament konstitusiyada təsbit edilməli olan Avropa İttifaqına (Aİ) üzvlük prosesinin referendum yolu ilə başlanmasını nəzərdə tutan layihəni (Avroreferendum) qəbul edib:

“Dünən Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini açıqlayıb. Bəllidir ki, bu cür referendumlarda iştirak edənlərin sayı son dərəcə az olacaq. Bu da hökumətə problem yaradacaq. Hökumət çıxış yolu tapıb, referendumda lazımi sayda iştirakçı təmin etmək üçün parlament seçkilərini də eyni vaxtda keçirəcək.

Yeri gəlmişkən, bu yaxınlarda növbədənkənar parlament seçkiləri ilə bağlı yalnız (sabiq prezident Robert Köçəryanın) “Ermənistan” bloku öz mövqeyini açıq şəkildə ifadə edib. Bu isə o deməkdir ki, müxalifət tədricən seçkiqabağı təşviqat mərhələsinə qədəm qoyur.

Hər halda Paşinyanın açıqlamalarını absurd hesab edərək onu ələ salmağa dəyməz. Sonuncu nə etdiyini çox gözəl bilir”.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb.

Erməni mənbələrinə görə, baş nazirin bu planı Aİ-yə üzvlüklə yanaşı, rəsmi Bakının müvafiq tələbi ilə bağlıdır. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qeydlərin Ermənistan konstitusiyasından çıxarılmasından gedir.