
TBİLİSİ, 14 fevral. TELEQRAF
Gürcüstanda Monqolustan bayrağı altında üzrən “HASKAL” quru yük gəmisi gəmiçilik qaydalarının pozulmasına görə saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən bildirilib.
Məlumata əsasən, gəminin Azərbaycan vətəndaşı olan kapitanına qarşı Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin gəmiçilik qaydalarının pozulmasını nəzərdə tutan 114-cü maddəsi üzrə işə başlanılıb.
Kapitan 10 min lari (5 995 AZN) məbləğində cərimə olunub. Cərimənin ödənilməsindən sonra gəmiyə sərbəst üzmək icazəsi verilib.
Gəmilər və limanlar haqqında ən böyük məlumat bazası oln “Marine Traffic”ə əsasən, yük gəmisi Gürcüstanın Poti limanından Misirin Port-Səid limanı istiqamətində hərəkət edib. Azərbaycanlı kapitanın idarə etdiyi gəminin konkret hansı qaydanı pozması açıqlanmır.