![](https://teleqraf.az/storage/2025/01/16/715x378/bocarashvili.jpg)
TBİLİSİ, 11 fevral. TELEQRAF
“Gürcüstanla bağlı “Maydan” ssenarisi yalnız müzakirə olunmurdu, hətta hazırlanırdı”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazir bildirib ki, İsveç parlamentinin Avropa İttifaqı məsələləri üzrə komitə sədri Erik Ottosonun Gürcüstanla bağlı çağırışları ölkənin daxili işlərinə müdaxilədir.
“İsveçli siyasətçinin çağırışı müdaxilədən başqa Gürcüstanla bağlı konkret siyasətçilərin istəklərinin də bir daha ifşasıdır. Bu istəklər Gürcüstanda iğtişaşlar, sabitliyin pozulması, ölkənin konstitusiya quruluşuna qarşı çıxmaqla bağlı müxtəlif ssenarilərin hazırlanmasından ibarətdir”, - XİN başçısı əlavə edib.
Erik Ottosonun çağırışına Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də sərt reaksiya verib. O deyib ki, siyasətçi Gürcüstanda proseslərin radikallaşması və “Maydan”a açıq çağırışlar etsə də, İsveçdən heç kəs buna münasibət açıqlamayıb.
Qeyd edək ki, E.Ottoson Gürcüstandakı proseslərlə bağlı yaydığı videoda “Maydan”ı xatırladaraq deyib: “Avropa demokratiyasına, ideyalarına inanırsınızsa, küçələrdə olmalısınız”.