TBİLİSİ, 11 fevral. TELEQRAF

Gürcüstan Rusiya ilə aparılan Cenevrə danışıqları çərçivəsində işğal altında olan Abxaziyada Suxumi hava limanının qanunsuz istismarı məsələsini qaldıracaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyində keçirilən danışıqların növbəti 63-cü mərhələsinə hazırlıq iclasında bildirilib.

Gürcüstan tərəfi, həmçinin separatçı Abxaziyada keçirilməsi planlaşdırılan “prezident seçkiləri”nə də diqqət çəkərək, bunu Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.

Cenevrə danışıqlarının növbəti mərhələsi bu ilin 4-5 mart tarixinə təyin olunub.

Qeyd edək ki, fevralın 7-də Suxumi aeroportu Moskvadan ilk sərnişin təyyarəsini test rejimində qəbul edib. Hava limanı 1993-cü ildən fəaliyyət göstərmir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Suxumi aeroportunu tanımır və ona məxsus kodu 2006-cı ildən ləğv edib. 2023-cü ildə hava limanının yenidən qurulması ilə bağlı Suxumi və Moskva arasında saziş imzalanıb.