TBİLİSİ, 10 fevral. TELEQRAF

“Moldova MDB-nin üzvüdür və heç kəs onu tənqid etmir. Bu qurum Rusiyanın himayəsi altında olan əsas dövlətlərarası təşkilatdır. Gürcüstan isə MDB-də təmsil olunmur”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.

Beynəlxalq mediada ikili standartlara yol verildiyini vurğulayan Baş nazir bildirib ki, Moldovanın ən avropapərəst və qərbyönlü ölkə, Rusiyanın güclü əleyhdarı olduğunu yazırlar.

“Amma faktlar əksini söyləyir. Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri yoxdur, Moldovanın isə var. Gürcüstanda əhali arasında Avropaya inteqrasiyaya dəstək 80 faizdən çoxdur. Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilib və ölkə əhalisinin cəmi 45 faizi lehinə səs verib. Avropa Parlamenti, Avropa Komissiyası, keçmiş ABŞ administrasiyasının bəzi bürokratları və siyasətçiləri Moldovanın avropapərəst və Rusiyaya qarşı olduğunu, Gürcüstanın isə anti-Avropa və Rusiyayönlü ölkə olduğunu deyirlər”, - İ.Kobaxidze söyləyib.

Hökumət başçısı qeyd edib ki, Avropanın əksər media qurumları Gürcüstanla bağlı dezinformasiyalar yayırlar və bu fəaliyyət koordinasiya olunur:

“Moldova da Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Amma siz beynəlxalq KİV-də bununla bağlı heç bir tənqidə rast gələ bilmərsiniz”.