![](https://teleqraf.az/storage/2024/01/12/715x378/gurcustan_1.jpg)
TBİLİSİ, 10 fevral. TELEQRAF
Gürcüstanın konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə təhdid yaradan daxili və ya xarici aktorların hərəkətləri ilə bağlı istintaq başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Araşdırma “Vahid Neytral Gürcüstan” hərəkatının nümayəndələrinin müraciəti əsasında aparılacaq. Sənəddə qeyd olunub ki, son illər və xüsusilə də son dövrlərdə ölkədə baş verən hadisələrin Gürcüstan dövlətinə qarşı yönəlmiş, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyini təhdid edən hərəkətlərin məcmusundan xəbər verir.
İstintaqın aparıldığı maddələr üzrə 5 ildən 10 ilədək və 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Araşdırmalara Baş Prokurorluğun istintaq bölməsi ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin müvafiq qurumları da cəlb olunub. İstintaqın gedişi və müvafiq hüquqi qiymətləndirmələr barədə ictimaiyyətə vaxtaşırı məlumatın veriləcəyi bildirilib.