![](https://teleqraf.az/storage/2023/05/14/715x378/papuashvili_140523.jpg)
TBİLİSİ, 8 fevral. TELEQRAF
“Gürcüstan hökumətinin ünvanına əsassız ittihamlar irəli sürülür”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində yazıb.
Bununla o, Avropa liderlərinin ötən gün Gürcüstan ilə bağlı qəbul etdikləri birgə bəyanata münasibət bildirib.
Onun sözlərinə görə, Avropa liderləri öz səhvlərini etiraf etmək, zorakılıq aktlarını pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsini açıqlamaq əvəzinə Gürcüstana qarşı əsaslandırılmamış ittihamlar səsləndirirlər.
“ATƏT/DTİHB-nin seçki hesabatlarını tanımayan qurumların bizi qəbul etdiyimiz qanunlarla bağlı ATƏT/DTİHB hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”, - spiker yazıb.
Qeyd edək ki, ötən gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun yaydığı birgə bəyanatda Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və “Toplaşmaq və nümayişlər haqqında” Qanununa dəyişikliklərin tələsik qəbulu tənqid olunub. Sənəddə qanunlarla bağlı ATƏT/DTİHB-nin rəyini gözləməyə çağırış yer alıb.
Xatırladaq ki, ötən ilin dekabrın 20-də ATƏT-in Bürosu Gürcüstanda oktyabrın 26-da baş tutmuş parlament seçkilərinin ədalətli keçirildiyini açıqlayıb.