TBİLİSİ, 8 fevral. TELEQRAF
Gürcüstan hökuməti ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanuna düzəlişlərin edilməsi məqsədilə Avropa Şurası (AŞ) ilə birgə işçi qrupu yaratmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə AŞ-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, fevralın 3-də qurumun Baş katibi Alen Berse məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb. Söhbət zamanı İ.Kobaxidze bildirib ki, “dəyişən şəraitə görə” onun hökuməti artıq birgə işçi qrupunda iştirak etmək və ya əvvəllər müzakirə edildiyi kimi “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik etmək istəmir. A.Berse Gürcüstan hakimiyyətinin qərarını böyük təəssüf hissi ilə qarşılayıb.
Xatırladaq ki, sözügedən qanunun məzmununun dəyişdirilməsi ilə bağlı ilkin razılıq ötən ilin dekabrın 20-də A.Bersenin Gürcüstana səfəri zamanı əldə olunmuşdu. Bu məqsədlə Venesiya Komissiyası daxil olmaqla Gürcüstan və AŞ nümayəndələrindən ibarət işçi qrupunun yaradılması nəzərdə tutulurdu.
Qeyd edək ki, Gürcüstanda ötən ilin avqustun 1-dən qüvvəyə minmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan daha sərt — ABŞ-nin “Xarici agentlərin qeydiyyatı aktı”na (FARA-Foreign Agents Registration Act) bənzər qanunun qəbulu gözlənilir.