ASTARA, 5 avqust. TELEQRAF

Astaralı bağban yerli iqlimdə qeyri-adi limon sortları yetişdirir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astara sakini Zəbiəli Əliyev yerli iqlimə uyğunlaşdırdığı nadir limon sortları yetişdirməklə tanınır.

O, calaqlama üsulu ilə “Özbəkistan sortu” adlandırılan yeni limon növü yetişdirib.

Yeni sort meyvə çəkisinə və dadına görə yerli limonlardan fərqlənir.

Z.Əliyevin sözlərinə görə, bu limonların çəkisi bəzən 700-800 qrama çatır. Meyvələrin iri olması səbəbindən ağac budaqları onları saxlamaqda çətinlik çəkir, buna görə ağaclara əlavə dayaqlar qoymaq zərurəti yaranır.

Təsərrüfat sahibinin digər uğuru “Armudboğaz limon” adlandırdığı ikinci bir sortdur. Xarici görünüşünə görə armuda bənzədiyi üçün ona bu ad verilib.

Z.Əliyev hətta bir ağacda bir neçə sitrus meyvəsini yetişdirməyi də bacarıb: "Bir ağacım var. Onda limon, naringi və kinkan yetişir. Hamısı bir ağacın üzərində. Bu budaqların hamısı calaqdır".

Z.Əliyev bildirir ki, bu sortlar təkcə iriliyi ilə deyil, həm də xəstəliklərə və şaxtaya dözümlülüyü ilə seçilir. Hazırda bu ağacların tinglə artırılması üzərində çalışır.