CƏLİLABAD, 21 iyul. TELEQRAF

Cəlilabadın Pərdi kəndində su bəndində balıqların kütləvi tələf olması ilə bağlı təfərrüatlar məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə təxminən 10 gün əvvəl başlayıb və mərhələli şəkildə inkişaf edərək kütləvi xarakter alıb.

Son günlərdə sahilboyu ərazidə çoxlu sayda tələf olmuş balıqların görünməsi vəziyyətin ciddiliyini göstərir.

Ən diqqətçəkən məqam isə göldə yalnız balıqların deyil, bəzi ev quşlarının da tələf olmasıdır. Kənd sakinlərinin sözlərinə görə, ördəklər ölmüş balıqları yedikdən sonra tələf olublar. Bu fakt balıqların zəhərlənmə ehtimalını gücləndirir.

Hazırda aidiyyəti qurumlar hadisə ilə bağlı hər hansı rəsmi açıqlama verməyib əraziyə baxış keçirilməyib. Yerli əhali isə mal-qaranın həmin sudan içərək tələf olmasından ciddi narahatdır.