LƏNKƏRAN, 21 iyul. TELEQRAF

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki Xəzərsahili çimərlik sahəsində tullantı problemi gündən-günə dərinləşir.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, ərazidə istirahət edənlərin atdığı zibillər sahənin ümumi görüntüsünü pozmaqla yanaşı, dənizin ekosisteminə də ciddi zərər vurur.

Sakinlərin sözlərinə görə, əvvəllər bu cür tullantılar əsasən çaylar vasitəsilə sahil ərazilərinə gətirilirdisə, hazırda problem daha çox insanların öz məsuliyyətsiz davranışından qaynaqlanır. Ərazidə zibil qutularının olmaması istirahətə gələnləri tullantıları açıq sahədə saxlamağa vadar edir.

Çimərlik ziyarətçilərinin dediyinə görə, avtomobillərin dəniz kənarına qədər daxil olması qumda uzanmaq istəyən, xüsusilə yaşlı insanlar üçün əlavə çətinliklər yaradır.

Yerli sakin Fariz İsayev bildirib ki, sahilə gələnlərin bəziləri zibilləri atıb gedirlər və bunun nəticəsində ətrafa üfunət iyi yayılır: “Səliqə-sahman yoxdur, nəzarət edən yoxdur. İydən burada qalmaq olmur".

Paralel olaraq fəaliyyət göstərən ödənişli çimərliklərdə isə vəziyyət fərqlidir. Bu ərazilərdə tullantılar icarədarlar tərəfindən mütəmadi olaraq yığışdırılır. Lakin pulsuz və ictimai istifadəyə açıq çimərliklərdə nəzarətsizlik özünü daha qabarıq şəkildə göstərir.

Digər bir Lənkəran sakini Söhrab Məmmədov deyib ki, bəzi vətəndaşlar məsuliyyətli davranmağa çalışsalar da, ərazidə zibil qutularının olmaması, oturacaq və digər infrastrukturun qurulmaması əlavə çətinlik yaradır: “Əlimizdən gələn qədər təmizliyə riayət edirik, amma aidiyyəti qurumlar da öz öhdəliklərini yerinə yetirsələr, daha yaxşı olar".

Məsələ ilə bağlı Sütəmurdov kənd bələdiyyəsindən bildirilib ki, çimərlik mövsümündən əvvəl ərazi təmizlənsə də, sonradan yenidən zibillənib. Qurum yaxın günlərdə çimərlikdə tullantıların daimi toplanması üçün zibil qutularının yerləşdiriləcəyini vəd edib.