LƏNKƏRAN, 19 iyul. TELEQRAF

Lənkəranda alman mütəxəssislərinin inşa etdiyi körpü bu gün də intensiv istifadə olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəran çayı üzərində yerləşən və alman mühəndislərinin iştirakı ilə inşa edilmiş tarixi körpü bu gün də nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün istifadə edilir. Körpünün əsas özəlliklərindən biri onun beton yox, tamamilə dəmir konstruksiyalardan hazırlanmasıdır.

Tarixi mənbələrə görə, 1929-cu ilə qədər Lənkəran çayının bir sahilindən o biri sahilinə keçmək üçün əsasən kiçik qayıqlardan istifadə olunurdu. Lakin güclü yağıntılar zamanı çayda suyun səviyyəsinin qəfil artması bu keçidi təhlükəli və çətin vəziyyətə salırdı. Məhz bu səbəbdən 1929–1932-ci illərdə alman mütəxəssislərin iştirakı ilə Lənkəran çayı üzərində hazırda mövcud olan körpünün inşasına qərar verildi.

Bildirilir ki, cənub bölgəsində güclü yağışlardan sonra çayda baş verən sel hadisələri əhalinin bir sahildən digərinə keçməsini mümkünsüz edirdi. Bu problemi aradan qaldırmaq üçün inşa edilən dəmir körpü əvvəlcə yük avtomobillərinin keçidi üçün də istifadə olunsa da, sonradan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib.

1985-ci ildə isə mövcud avtomobil körpüsünə paralel olaraq ayrı bir piyada körpüsü də inşa olunub.

Qeyd edək ki, Sütəmurdov körpüsü yerli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur və regionun mühüm tarixi-mühəndislik nümunələrindən biri hesab olunur.