BAKI, 20 avqust. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç NATO baş katibi Mark Rutteyə məktub göndərərək, alyansın Kosovodakı Sülhməramlı Qüvvələrindən (KFOR) bölgədəki etnik serblərin təhlükəsizliyini təmin etməyi tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
“İndicə NATO baş katibi Mark Rutteyə məktub göndərdim. KFOR-dan BMT-nin 1244 saylı qətnaməsinə uyğun olaraq serblərə qarşı terroru, onların təqibini və həbslərini, evlərinin sökülməsini dayandırmağı, həmçinin İbar çayı üzərindəki körpünün açılmasına və beynəlxalq ictimaiyyətin Priştinanın 2013-cü il Brüssel razılaşmalarının əsas müddəalarını yerinə yetirməsini təmin etmək üçün tədbirlər görməsinə çağırdım”, - Vuçiç yazıb.
Məktubun əsas mövzularından biri Mitrovitsadakı İbar körpüsünün açılması ilə bağlıdır. KFOR bu ərazidə təhlükəsizlik məsuliyyətlərini tədricən Kosovo polisinə ötürməyə başlayıb və bu proses Vuçiç tərəfindən kəskin etirazla qarşılanıb.