BAKI, 19 avqust. TELEQRAF

“Rusiyanın Xersonda dinc əhaliyə qarşı həyata keçirdiyi qəddar hücum normal insanın təsəvvür edə biləcəyi bütün hədləri çoxdan keçdiyini göstərir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ruslar bu səhər Xersonda adi sərnişin mikroavtobusuna dronla zərbə endiriblər. Dörd nəfər həlak olub, beş nəfər yaralanıb”, - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, bunlar Ukraynanın cəbhəyanı bölgələrində gündəlik həyatın reallıqlarıdır:

“Tərəfdaşlar əlavə müdafiə vasitələrinin tədarükü məsələsində tərəddüd etdiyi vaxtda ruslar çoxdan hər cür cəzasızlıq həddini keçiblər. Təcavüzkara təzyiq göstərmək lazımdır. İnsanların həyatını müdafiə edənlərə dəstək lazımdır. Yardım paketləri təqdim etməyə və təcavüzkara qarşı yeni sanksiyalar tətbiq etməyə davam edən hər kəsə təşəkkür edirəm”.