BAKI, 31 iyul. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İspaniyanın Seuta şəhərinə daxil olan miqrantların ildırım sürəti ilə deportasiya edilməsini tələb edərək, vəziyyətin araşdırılmasını tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

“Deportasiya Avropa qaydalarının imkan verdiyi qədər sürətli həyata keçirilməlidir. Seutadan yayılan görüntülər qəbuledilməzdir. Qaydalarımıza əməl etməyən şəxslərin Avropa İttifaqına gəlməsinə icazə verə bilmərik”, - Avropa Komissiyasının prezidenti deyib.

Fon der Leyen təhlükəli sərhəd keçidlərinin dərhal dayandırılmasını və insanların qanunsuz daşınması ilə məşğul olan şəbəkələrin ləğvini də tələb edib.

O bildirib ki, Avropa Komissiyasının komissarları Maqnus Brunner və Dubravka Şuitsaya vəziyyəti araşdırmağı və miqrant axınının dayandırılması üçün Mərakeş hakimiyyətinə təzyiq göstərməyi tapşırıb.

İspaniya mediası minlərlə miqrantın Mərakeşdən Seutaya daxil olması haqda məlumat yayıb. “Cadena SER”in məlumatına görə, son sutka ərzində Seutaya 49 min qanunsuz miqrant daxil olub. Şəhərə çatmağa cəhd edərkən azı 28 nəfər həlak olub.

Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.