BAKI, 2 iyul. TELEQRAF
İyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammitdə NATO-nun müdafiə sənayesi ekosistemi ilə bağlı memorandum imzalanacaq və müttəfiq ölkələrin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəlikləri bir daha təsdiqlənəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Bildirilib ki, bu razılaşmalar görüşdən sonra qəbul ediləcək kommunikedə öz əksini tapacaq.
NATO üzvü olan ölkələr Şimali Atlantika Müqaviləsi Təşkilatının kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqliklərini də növbəti dəfə təsdiqləyəcəklər. Bu maddəyə əsasən, alyansın bir və ya daha çox üzvünə hücum hamıya hücum hesab olunur. Sənəddə həmçinin NATO-ya qarşı təhdidlər qeyd olunacaq, Ukraynaya dəstək ifadə olunacaq.
Sammitin ilk günündə Ankarada üç tədbir keçiriləcək. NATO-Ukrayna Şurası formatında xarici işlər nazirləri üçün işçi nahar təşkil ediləcək. NATO müdafiə nazirləri həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndələri ilə görüşəcəklər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak edən ittifaq ölkələrinin liderlərinin şərəfinə rəsmi qəbul təşkil edəcək.
Zirvə görüşünə sammit iştirakçıları ilə yanaşı, Asiya-Sakit okean ölkələrinin liderləri, Avropa İttifaqı qurumlarının rəhbərləri və Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət olunub.