BAKI, 12 iyun. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsraili vaxtilə Cənubi Afrika Respublikasında (CAR) mövcud olmuş irqi ayrı-seçkiliyə əsaslanan aparteid sistemi ilə müqayisə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Məlumata görə, Meksikada hökumət nümayəndələri ilə qapalı görüş zamanı Kallas İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində fələstinlilərə qarşı addımlarını 1990-cı illərin əvvəllərində sona çatan Cənubi Afrikanın irqçi aparteid siyasəti ilə müqayisə edib.

Görüş iştirakçılarından biri “Euractiv”ə bildirib ki, Aİ-nin baş diplomatı ötən il CAR-a və paytaxt Yohannesburqdakı Aparteid Muzeyinə səfərindən nə qədər təsirlənməsindən danışıb.

Məlumatda həmçinin qeyd edilib ki, bu addım Kaya Kallasın Aİ-nin rəsmi xarici siyasət xəttindən kənara çıxması və diplomatik səhv kimi qiymətləndirilib və özü ətrafında yaranmış mübahisələri daha da dərinləşdirib.

“Aİ İsraili tənqid edir, iki dövlətli həlli dəstəkləyir. Amma aparteidlə müqayisə qəbuledilməzdir, bu, Aİ-nin siyasəti deyil. Əgər o, Aİ-ni dünya səhnəsində rəsmi olaraq təmsil edərkən bu cür açıqlamalar verirsə, bu, böyük problemdir”, - Aİ diplomatlarından biri söyləyib.

Kaya Kallasın ofisindən cavab istənilsə də, xəbəri təsdiqləmək və ya təkzib etmək üçün şərh verməkdən imtina edilib.

Xatırladaq ki, CAR-da aparteid kimi tanınan və ağdərililərlə qaradərililər arasında məcburi irqi ayrı-seçkilik siyasətinin tətbiq edildiyi dövr 1948-1990-cı illəri əhatə edib, Nelson Mandelanın hakimiyyətə gəlişi ilə bitib.