BAKI, 11 iyun. TELEQRAF

Kreml hələ də Rusiyanın Ukrayna üzərindəki əsas üstünlüyünün canlı qüvvə baxımından say üstünlüyü olduğunu düşünür. Amma Ukraynanın bütün cəbhə boyunca taktiki dronlar sahəsində qazandığı üstünlük və ortamənzilli zərbə kampaniyası bunu neytrallaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə Rusiya federal büdcəsinin xərcləri barədə məlumatlara istinadla bildirib ki, 2026-cı ilin birinci rübündə Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzaladıqdan sonra çağırış üzrə birdəfəlik müavinət alanların sayı 71 200 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.

Həmçinin qeyd olunub ki, 2025-ci il ərzində ümumilikdə 363 900 nəfər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, bu da 2024-cü illə müqayisədə 10 faiz azdır.

Hesabatda vurğulanıb ki, Rusiya artan itkilər fonunda yeni hərbçilərin cəlb edilməsində getdikcə daha çox çətinliklə üzləşir və şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün ehtiyat qüvvələri səfərbər etməyə, birdəfəlik müavinətləri artırmağa və gizli səfərbərlik tədbirlərini genişləndirməyə məcbur olur.

ISW analitiklərinə görə, Rusiya hələ də Ukrayna üzərində əsas üstünlüyünü qoşun sayında görür. Amma Ukraynanın bütün cəbhə boyu taktiki dronlar sahəsində üstünlüyü və Rusiya ərazisinə ortamənzilli zərbə kampaniyası bu üstünlüyü neytrallaşdırıb. Ukraynanın ortamənzilli zərbə kampaniyası Rusiya ordusuna canlı qüvvə və texnika baxımından qeyri-mütənasib dərəcədə yüksək itkilər yaşadır.

“Kreml hərbi xidmətə cəlbetmə səviyyəsinin azalması və itkilərin artması fonunda Ukraynadakı itkilərini kompensasiya etmək üçün ehtiyatda olanların məhdud və mərhələli səfərbərliyinin keçirilməsi üçün zəmin yaradır”, - ABŞ institutu əlavə edib.