BAKI, 24 fevral. TELEQRAF

“Rusiya Ukrayna ərazilərini 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində tətbiq olunan üsulla işğal etdi”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Ukrayna da Azərbaycan kimi məsələnin gec-tez həll olunacağına ümid edir:

“On iki il əvvəl Donetskdə yerli icra stukturunun binasının separatçılarla Rusiya xüsusi təyinatlıları tərəfindən birgə zəbt edildiyini görəndə ukraynalı dostuma şəhərin əldən getdiyini başa salmağa çalışmışdım. O isə məsələnin danışıqlar yoluyla həllinə ümidli idi, Azərbaycanı misal çəkdim. Dostuma söylədim ki, vaxtilə Qarabağda da separatizm belə başlamışdı, silahlandılar, binaları ələ keçirdilər və Rusiyadan aldıqları dəstək sayəsində ərazilərimizi işğal etdilər.

Gözümüzün qarşısında Ukraynada da oxşar proses gedirdi, ancaq ukraynalıların bir qismi hələ buna əhəmiyyət vermirdi. Həmin dövrdə Ukrayna Prezidenti (Viktor Yanukoviç) ölkədən qaçmışdı, Kiyevdə hakimiyyət bölgüsü gedir, görüşdüyüm ukraynalı ekspertlər isə Kremlin Krımdan sonra Donbasın da işğalına hazırlaşdığına inanmaq istəmirdilər. Donetskdə olanda separatçıların posta yaxınlaşan Ukraynanın beş hərbçisini qətlə yetirdiyini öyrəndim. Bu, başlanğıc idi.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin rəsmən başlamasına hələ səkkiz il qalsa da, düyməyə basılmışdı. Kiyevə qayıtdıqda “Maydan”da kiçik qrupların mitinqi hələ davam edirdi, çadırlar da sökülməmişdi. Halbuki ölkədə baş qaldıran separatizmin rüşeymini məhv etməyə ehtiyac vardı. Biz məsələmizi otuz ildən sonra birdəfəlik həll etdik. Ukrayna da eyni yoldadır, üç günə Kiyevi işğal edəcəyini düşünən Kreml sahibi (Vladimir Putin) müharibədə ilişib qalıb”.